Hansı təsərrüfat subyektləri mütləq olaraq nəzarət-kassa aparatlarından (NKA) istifadə etməlidir ?
Nəzarət-kassa aparatı-malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemidir. Ümumiyyətlə təsərrüfat subyektləri pul hesablaşmalırını 2 formada: nağd və ya nağdsız formada həyata keçirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən aşağıdakı fəaliyyət növləri ilə məşğul olan şəxslərə nağd pul hesablaşmalarını mütləq şəkildə nəzarət-kassa aparatı (NKA) vasitəsilə aparmalıdır:
- Pərakəndə ticarət mərkəzi
- İcitimai iaşə obyektləri
- Yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər
- Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər
- Bərbərxanalar (Fərdi qaydada göstərilən bərbər fəaliyyəti istisna olmaqla)
- Gözəllik salonları
- Kosmetoloji mərkəzlər
Vergi Məcəlləsinin aşağıdakı fəaliyyət növlərində isə nəzarət-kassa aparatlarının (NKA) quraşdırılması məcburi xarakter daşımır.
- Qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda)
- Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı
- Səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti
- Qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı
- Elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti
- Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti
Nəzarət-kassa aparatı (NKA) quraşdırılmadığı təqdirdə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək lazımdır.
Nəzarət kassa aparatının çeklərində aşağıdakı məlumatlar əks etdirilməlidir :
- Vergi ödəyicisinin adı
- VÖEN
- Çekin vurulmasının tarixi və saatı
- Təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan
- Malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği)
- Cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi
- Nəzarət-kassa aparatının markası və zavod nömrəsi
- Nəzarət-kassa aparatının fiskal rejiminin nişanı(əlaməti)
- Malın sürətli məlumat kodu (Quick Response Code)
- Ödənilmiş məbləğ
- Avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ
- Müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə)
- Nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc)
- Ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı)
- Çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş)
- Nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi
- Geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator)
- Nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator)
- Yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.
Vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən yuxarıda sadalanan tələblərə tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində,
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində,
- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.